1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.